24 C
Baku
14 İyun 2021 / 12:35

Özləri tarix yazsalar da, adları tarixə düşməyən iki türk…

Reyxstaq üzərinə əsl (!) bayraq sancan iki qazax türkü – Raximjan Koşkarbayev və Qriqori Bulatovun qəribə taleləri olub.

Biz tarixdən III Reyxin siyasi simvolu sayılan Reyxstaqın üzərinə bayraq sancanların Aleksey Berest, Mixail Yeqorov və Meliton Kantaria olduğunu bilirik. Bizə belə çatdırıblar, yəni… Amma bunun gerçəkliyi əks etdirmədiyini, sonradan quraşdırılmış səhnə, kimlərin etməsi, ideoloji arxa plana dayanaraq dəqiq seçilmiş bir növ ayin, bəlli siyasi hədəflərə hesablanmış korrektur olduğunu da bilirik.

Yəqin məşhur kinoxronikadan kadrları xatırlayırsınız. Sonralar, hətta həmin kadrlarda bayraq sancan əsgərlərdən birinin qolunda iki saat olduğu (yaxud da hər iki qolunda) görüntülənir. Yəqin gözdən qaçıb, yaxud o anda buna kimsə əhəmiyyət verməyib və nədən xəbər verə biləcəyi düşünülməyib.

Əsgərin qolunda iki saat varsa, demək (ən azı) birini haradansa və ya kimdənsə alıb. Və ola bilər ki, bu “alma-vermə” könüllülük əsasında reallaşmayıb, hansısa almanın sovet əsgərinə qarşı əliaçıqlığının göstəricisi və gəlişlərinə təşəkkür hədiyyəsi də deyil.

Sonra həmin kadrlara əl gəzdirilir, qollardan saatlar retuş olunur.

Əslində o tip müharibələrdə soyğun olayları o qədər də dəhşətli, qeyri-adi qarşılanmır, real döyüş şəraitində bəlkə də sıradan bir əsgər davranışı sayıla bilər. Amma bu “ekspropriasion” aktının sübutunun belə vacib hərbi-siyasi işin öhdəsindən gəlmiş və sonradan qələbənin simvoluna çevrilmiş şəxslərin qolunda, həm də vacib ayin əsnasında görüntülənməsi bir az yerinə düşmür. O vaxtın şərtlərinə görə…

Yuxarıda adlarını yazdığım qazax balaları da Reyxstaqadək olan 300 metr məsafəni qət etmək üçün 9 saat güllə yağışı altında gözləməli olurlar.

Tierqarten tərəfdən, hazırda sovet tanklarının dayandığı yerdən Reyxstaq binasınadək təxminən 300 m olar. Hədəfə hücum da bu istiqamətdən edilib…

Aprelin 30-da səhər binanın üzərinə 150-ci motoatıcı diviziyanın 174-cü alayının kəşfiyyat bölüyünün əsgərləri, iki qazax-türk balası bayraq sancırlar. Bunu “BBC” radiosu dərhal xəbər verir, hər kəs sevinir, hər iki səbəbkara “Sovet İttifaqı Qəhrəmanı” adı (titulu) elan edilir…

Ancaq bir sutka sonra adları bizə rəsmən bəlli olan şəxslərdən təşkil olunmuş bir heyət kamerayla, təbil-barabanla Reysxtaqa formal bayraqsancma mərasimini icra etmiş bulunurlar.

Tərkib maraqlıdır: bir rus, bir yəhudi və bir gürcü.

Yəqin düşünüblər ki, bu əlamətdar tarixi olaya imza atmağı bir asiyalıya nədən rəva görsünlər, rus, gürcü durarkən… 

Ardından da Koşkarbayev və Bulatova bir dənə “Qırmızı bayraq” ordeni verib özlərinə də bərk-bərk tapşırırlar ki, bu barədə bir kəlmə də danışmasınlar. Raximjanın atası və üç qardaşı repressiya edilibmiş, bu səbəbdən də həmçinin elə vacib simvolik hadisənin müəllifi olma şərəfi bir “güllələnmiş”in oğluna rəva görülə bilməzdi. O dövrün şərtlərinə görə… Bunu Raximjan bildiyindən çox da bərkini tutmur və ona deyilənə əməl edir.

R.Koşkarbayev bir az yaxşı qurtarır. Qayıdır aktiv ictimai və o dövrün şərtləri ilə siyasi fəaliyyətlə məşğul olur, “qarkoma” filan seçirlər, iki kitab yazır. Amma kitabda bayraq məsələsinə toxunmur. Bu barədə ağzını möhkəm tutur, amma sirri özüylə qəbrə aparmaq da istəmir. Ölənə yaxın bu barədə bacısına danışır.

Qriqoru Bulatov isə bu qədər şanslı ola bilmir həyati epik-dramatik sonluqla. Onu mühakimə edirlər (yəqin ki, başqa bir ittihamla və ya hadisə ilə əlaqədar) və o  sonradan alkoqola qurşanır, lap sonda da intihar edir.

Bulatov danışmama göstərişini qulaqardına vurub bu barədə danışırmış (yəqin bu səbəbdən mühakimə olunub), amma heç kim ona inanmır, ələ salıb gülürmüşlər, hətta adını “Qrişa Reyxstag” ləqəbi taxıb, lağlağı edirmişlər. Belə… (qafqazinfo)

Related posts

95 illik bayraq təsviri – Azəri-Türk Gənclər Birliyi

Arif Turan

Rus qadına təcavüzdə günahlandırılan, yeni şeirin manifestini yazan, öz ad günündə ölən alimimiz

Arif Turan

Heydər Əliyevin KQB əks-kəşfiyyatı ilə tam məxfi Qarabağ yazışmaları

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq