“60 yaşı tamam olan müəllimlərin sertifikasiya imtahanlarında iştirakı könüllü xarakter daşıyacaqsa, onlar yalnız istədikləri təqdirdə müəllimlərin işə qəbul imtahanında iştirak edəcəklər. Əgər iştirak etsələr əmək haqlarında təbii ki, dəyişiklik olacaq. MİQ-də iştirak etməsələr artım onlara şamil olunmayacaq”.
LEGİTİM.AZ report-a istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, sertifikasiya imtahanlarını keçirməkdə məqsəd təhsilverənlərin peşəkarlığını ölçmək, təlimə ehtiyac olub-olmadığını müəyyənləşdirməkdir: “Hədəfimiz kimisə işdən çıxarmaq deyil. Qanunvericiliyə təklif edilən dəyişiklik qəbul olunarsa, 60 yaş üzəri müəllimlərin sertifikasiyada iştirakı könüllü olacaq. Hazırda məktəblərdə yaşı 60-dan artıq olan 5 mindən çox müəllim işləyir. Təkliflər hələ qəbul edilmədiyindən həmin müəllimlərə də iştirakla bağlı SMS göndəriləcək. Dəyişiklik olsa, məsələyə yenidən baxacağıq”.