23 C
Baku
29 May 2023 / 00:20

Gəncə Apellyasiya Məhkəməsinin sədri Konstitusiya Məhkəməsinə müraciət etdi

Gəncə Apellyasiya Məhkəməsinin sədri Mirbahəddin Hüseynov Konstitusiya Məhkəməsinə müraciət edib.

Legitim.az xəbər verir ki, müraciətdə sədr Cinayət Prosessual Məcəlləsinin 416, 419-1 və 420- ci maddələrinin hazırkı cinayət işi üzrə qəbul olunmuş qərarların hüquqi qüvvəsi baxımından, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və qüvvədə olan Qanunvericiliyin hüquq tətbiqedənlər tərəfindən eyni qaydada tətbiq edilməsinə nail olmaq, eləcə də hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməsi məqsədi ilə şərh olunmasını xahiş edib.

Həmin müraciəti təqdim edirik:

“Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli hökmü ilə Xxxxxx Xxxxxxx Xxxxxxx oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.3.2 və 320.2-ci maddələri ilə təqsirli bilinərək, ona müddətin keçməsi ilə bağlı CM-in 320.2-ci maddəsi ilə cəza təyin edilməmiş, CM-in 178.3.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə 04 (dörd) il sınaq müddəti ilə şərti hesab edilmiş, zərərçəkmiş Xxxxxxxxxxx xxxxxxxxx XXXXXXXXXXX qarşı vermiş olduğu mülki iddia baxılmamış saxlanılmış və ona həmin iddianı sonradan mülki mühakimə icraatı qaydasında verə biləcəyinə dair hüququ olması izah edilmişdir.

Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərərçəkmiş şəxs XXXXXX XXXXXXX və zərərçəkmiş şəxs nümayəndəsi apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, hökmdən CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların xaric edilməsini və mülki iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini, məhkumun müdafiəçisi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və məhkuma bəraət verilməsini, dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün dəyişdirilməsini, hökmdən CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların xaric edilməsini xahiş etmişlər.

Xxxxxxxx xxxxxxxx verilmiş ittihamdan və birinci instansiya məhkəməsinin hökmündən görünür ki, o, Xxxxx xxxxxx xxxxxxx qızından etibarnamə əsasında satın aldığı 0.20 ha torpaq sahəsinə dair üç il müddətinə verilmiş və 24 fevral 2010-cu il tarixdə qüvvədən düşmüş 24 fevral 2007-ci il tarixli etibarnamənin Əvəzinə həmin 0.20 ha torpaq sahəsinə dair yeni etibarnamə almaq adı ilə 07 oktyabr 2010-cu il tarixdə Xxxxxxxx Xxxxxxx aldadaraq bütün əmlakını idarə etmək, üzərində sərəncam vermək və s. hüquqlara dair öz adına ƏN-I 178272 nömrəli etibarnamə almış, bundan sonra istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan şəxs tərəfindən hazırlanmış daşınmaz əmlaka birgə mülkiyyət hüququ olan Xxxxx Xxxxxx Xxxxx oğlunun arvadı Xxxxxxx XXXXXXX adına olan Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşən 1,18 hektar torpaq sahəsinin satılmasına razılıq verilməsinə dair hüquq verən 24 fevral 2007-ci il tarixli saxta ərizəni əldə edib, həmin etibarnamədən və saxta ərizədən, həmçinin həqiqiliyini yoxlatdırmaq üçün XXXXXX XXXXXXXXX oğlundan müvəqqəti olaraq 2009-cu ildə aldığı və özündə saxladığı adına Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşmiş, hazırda Gəncə şəhəri Nizami rayonu ərazisində yerləşən 1.10 ha torpaq sahəsinə dair 18.04.2007-ci il tarixli, 150702620 qeydiyyat nömrəli və 0.08 ha torpaq sahəsinə dair 18.04.2007-ci il tarixli, xxxxxxXXXXXXX qeydiyyat nömrəli çıxarışlardan bilə-bilə istifadə etməklə 24.06.2011-ci il tarixdə Göygöl rayon dövlət notariat kontoruna təqdim edib, orada Xxxxxxxx Xxxxxxxx nümayəndəsi kimi 16.05.2011-ci il tarixdə AN-IXXXXXX vǝ AN-I XXXXXX nömrəli alqı-satqı müqavilələri əsasında torpaq sahəsini anası XXXXXXX XXXXXXXXX XXXXXXXXX qızına satıb, həmin hüquq verən saxta müqavilələri qanunsuz olaraq əldə edib, bilə-bilə həmin saxta alqı-satqı müqavilələrindən istifadə etməklə, həmin saxta müqavilələri 24.06.2011-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə təqdim etməklə, oradan Xxxxxxxx XXXXXXXXX adına 1.10 ha torpaq sahəsinə dair 24.06.2011-ci il tarixli, xxxxxxxxxxxx qeydiyyat nömrəli və 0.08 ha torpaq sahəsinə dair 24.06.2011-ci il tarixli, xxxxxxxxxxxxx qeydiyyat nömrəli saxta çıxarışları qanunsuz olaraq əldə edib, ər-arvad olan XxxxXXXX XXXXXX Vǝ Xxxxxx xxxxxx məxsus 1 sotunun dəyəri 1420 (min dörd yüz iyirmi) manat, Ümumi dəyəri isə külli miqdar, yəni 167560 (yüz altmış yeddi min beş yüz altmış) manat təşkil edən 1.10 ha və 0.08 ha torpaq sahələrinə dair əmlak hüququnu vahid niyyətlə ələ keçirməklə dələduzluq etmişdir.

Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2021- ci il tarixli hökmü ilə Xxxxxxx Xxxxxxxx CM-in 178.3.2-ci və 320.2-ci maddələri ilə bəraət verilmişdir.

Bəraət hökmündən əvvəlcə zərərçəkmiş şəxs xxxxxxx XXXXXXXXX vǝ nümayəndəsi tərəfindən kassasiya şikayəti verilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayet Kollegiyasının 16.03.2022-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs XXXXXXX XXXXXXXXX qızı ve nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməməmiş, XXXXXXX XXXXXXXx CM-in 178.3.2 ve 320.2-ci maddələri ilə bəraət verilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021- ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

Bundan sonra, eyni hökmdən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 27.12.2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Xxxxxx Xxxxxxxxxxxx CM-in 178.3.2 və 320.2-ci maddələri ilə bəraət verilməsi haqqında Gəncə Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli hökmü ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmuşdur.

Sonuncu qərar əsasında cinayət işinə yenidən apellyasiya qaydasında baxılarkən işə baxan məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra CPM) müddǝlarının tətbiqi ilə bağlı həlli mümkün olmayan çətinliklə qarşılaşmışdır.

Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının eyni hökmünə ittiham tərəfinin müxtəlif vaxtlarda vermiş olduğu eyni tələblə və eyni dəlillərlə bağlı kassasiya müraciətləri əsasında baxan Ali Məhkəmənin müxtəlif məhkəmə tərkibləri bir-birindən fərqlənən qərarlar qəbul etmişdir. Beləliklə, Apellyasiya Məhkəməsinin istinad etdiyi sübutlara və hüquqi əsaslandırmalara Ali Məhkəmənin iki fərqli mövqeyi mövcuddur.

Hazırda işə baxan məhkəmə tərkibi Ali Məhkəmənin eyni hüquqi qüvvəyə malik olan iki qərarından hansına üstünlük verilməli olması ilə bağlı qüvvədə olan qanunvericiliyin qeyd edilən məsələləri tənzimləyən normalarının hazırkı işin halları baxımından şərhinin zəruriliyi qənaətinə gəlir.

CPM-in qeyd edilən məsələləri tənzimləyən normalarında göstərilmişdir:

Maddə 416. Məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar

416.1. Kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir:

416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə;

416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə;

416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.4. məhkəmə bu Məcəllənin 391.6-cı maddəsinin müddəalarını yerinə yetirmədikdə;

416.1.5. məhkəmə təqsirləndirilən şəxsə istinad edilən əməllərdən hər hansı birinə öz fikrini bildirmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda;

416.1.7. məhkəmə təqsirləndirilən şəxsin əməllərinin qanunun daha yüngül maddəsi ilə yenidən tövsif edilməsi halları istisna olmaqla, məhkuma ittiham elan edilməmiş əməlin törədilməsinə görə səhvən ittiham hökmü çıxardıqda;

416.1.8. məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmayan əməlin törədilməsinə görə səhvən ittiham hökmü çıxardıqda; 416.1.9. məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmayan hədlərdə cəza tətbiq etməklə ittiham hökmü çıxardıqda;

416.1.10. məhkəmə qanuni qüvvəyə minmiş hökmlə şəxsin barəsində Əvvəllər məhkum edildiyi əməlin törədilməsinə görə ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda;

416.1.12. məhkəmə yeni cinayət qanunu ilə ləğv edilmiş cəzanı tətbiq etməklə, yaxud amnistiya aktını tətbiq etməməklə ittiham hökmü çıxardıqda; 416.1.13. məhkəmə təqsirləndirilən şəxs tərəfindən törədilən əməlin cinayət qanunu ilə nəzərdə tutulmadığına əsasən səhvən bəraət hökmü çıxardıqda;

416.1.14. məhkəmə cinayət işi Üzrə icraata, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata bu iş üzrə məhkəmənin qüvvəyə minmiş yekun qərarı, cinayət təqibini istisna edən halların və ya cəzanın tətbiqinin yeni cinayət qanunu, habelə amnistiya aktı ilə aradan qaldırması üçün əsaslar olmasına baxmayaraq səhvən xitam verdikdə;

416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.16. məhkəmə digər hakimiyyət orqanının səlahiyyətlərini həyata keçirməklə, öz səlahiyyətlərini aşmaqla iş üzrə hökm və ya qərar çıxardıqda; 416.1.17. məhkəmə etirazlar və məhkəmə tərkibi barəsində bu Məcəllənin 107-109, 112-118, 308 və 309-cu maddələrinin tələblərini kobud surətdə pozduqda;

416.1.18. məhkəmə bu Məcəllənin müddəalarına müvafiq olaraq dövlət ittihamçısının, xüsusi ittihamçının, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin və ya tərcüməçinin iştirakı məcburi olduğu halda cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə həmin şəxslərin iştirakı olmadan baxdıqda;

416.1.19. məhkəmə bu Məcəllənin 140.0.2-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilməsi üçün təqsirləndirilən şəxsin məhkəmə- psixiatriya ekspertizasının keçirilməsini təyin etmədikdə;

416.1.20. məhkəmə bu Məcəllənin 391.3.2-391.3.5, 391.3.7-391.3.9 və 391.6-cı maddələrində nəzərdə tutulmuş qərarları əsassız çıxardıqda;

416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə; 416.1.22. məhkəmə bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verdikdə.

416.2. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə yalnız o halda əsas olur ki, həmin hökm və ya digər qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.

Maddə 419-1. Kasasiya instansiyası məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi

419-1.1. Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilmesini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hökm və ya digər qərarının əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin cinayət kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.

419-1.2. Ali Məhkəmənin cinayət kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə iclası Ali Məhkəmənin işə baxan məhkəmə tərkibinin əsaslandırılmış təqdimatı əsasında Ali Məhkəmənin sədri tərəfindən təyin edilir. Mübahisəli hüquqi məsələyə Ali Məhkəmənin cinayət kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılarkən iclasa Ali Məhkəmənin müvafiq kollegiyasının sədri sədrlik edir. Ali Məhkəmənin cinayət kollegiyasının iclası həmin kollegiyanın hakimlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Səslər bərabər olduğu hallarda sədrlik edənin səsi həlledici sayılır.

419-1.3. Ali Məhkəmənin cinayət kollegiyası bütün hakimlərindən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərarda təsbit edir.

419-1.4. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 419-1.3-cü maddəsində nəzərdə tutulmuş qərarda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar.

419-1.5. Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 419-1.3-cü maddəsində nəzərdə tutulmuş qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 419-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır.

Maddə 420. Məhkəmənin hökmü və ya qərarı kassasiya qaydasında ləğv edildikdən sonra işə baxılması qaydası

420.1. Məhkəmənin hökmü və ya qərarı kassasiya qaydasında ləğv edildikdən sonra apellyasiya instansiyası məhkəməsində cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin yenidən baxılması bu Məcəllənin 381-407-ci maddələrinə müvafiq olaraq aparılır.

420.2. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına göndərilərkən məhkumun vəziyyətini pisləşdirən qərar yalnız hökmün dövlət ittihamçısının kassasiya protesti və ya zərər çəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti əsasında ləğv edildiyi halda qəbul edilə bilər.

CPM-in 419-1.1-419-1.4-cü maddələrinin tələblərindən göründüyü kimi, Ali Məhkəmənin məhkəmə tərkibi işe kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin Cinayət Kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır. Ali Məhkəmənin Cinayət Kollegiyası bütün hakimlərindən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərarda təsbit edir. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 419-1.3-cü maddəsində nəzərdə tutulmuş qərarda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar.

Deməli, Ali Məhkəmənin Cinayət Kollegiyası 16.03.2022-ci il tarixli qərarı ilə Xxxxxxx XXXXXXXXXX CM-in 178.3.2 ve 320.2-ci maddələri ilə bəraət verilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli hökmünü dəyişdirilmədən saxladıqdan sonra həmin hökmdən verilmiş apellyasiya protesti üzrə işə yenidən baxarkən 16.03.2022- ci il tarixli qərarında müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdiyi halda işə CPM-in 419-1.1 – 419-1.4-cü maddələri ilə müəyyən olunmuş qaydada baxmalı idi.

Lakin Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya protestinə baxılması əsasında iş üzrə yəni, əvvəlki (16.03.2022-ci il tarixli) qərarında müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edildiyi 27.12.2022-ci il tarixli qərarını qəbul edərkən işə CPM-in 419-1.1-419.1.2-ci maddələri ilə müəyyən olunmuş qaydada baxılmadığından sonuncu qərarın CPM-in 419-1.3-cü maddəsində nəzərdə tutulmuş (yəni eyni xarakterli məsələlər üzrə hüquqi mövqeyinin tətbiqi məcburi olan) qərar kimi qəbul edilməli olub-olmaması ve CPM-in 419-1.4-cü maddəsinə əsasən bu qərarda müəyyən edilmiş hüquqi mövqeyin işə yenidən baxan məhkəmə tərkiblərinin, o cümlədən apellyasiya kollegiyasının rəhbər tutmalı olub-olmaması sual doğurur.

Belə ki, Ali Məhkəmənin Cinayət Kollegiyası tərəfindən apellyasiya protesti üzrə işə CPM-in 419-1.1-419-1.2-ci maddələri ilə müəyyən olunmuş qaydada deyil, kassasiya icraatının CPM-in 419-cu maddəsində nəzərdə tutulmuş Ümumi qaydalarına uyğun baxıldığından həmin məhkəmə baxışı nəticəsində qəbul edilmiş 27.12.2022-ci il tarixli qərarın iş üzrə əvvəl qəbul edilmiş 16.03.2022-ci il tarixli qərardan üstün tutulması düzgün (əsaslı) sayıla bilməz. CPM-in 420-ci maddəsinin mənası baxımından isə Ali Məhkəmənin Cinayət Kollegiyasının qeyd edilən hər iki qərarı işə yenidən baxan apellyasiya kollegiyası üçün eyni dərəcədə hüquqi qüvvəyə malikdir.

Şərh olunanlar belə deməyə əsas verir ki, Ali Məhkəmənin Cinayət Kollegiyasının ayrı-ayrı məhkəmə tərkibləri Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının eyni hökmündən ittiham tərəfinin müxtəlif vaxtlarda vermiş olduğu kassasiya müraciətlərinə baxarkən bir-birindən fərqlənən (bir- birini inkar edən) qərarlar qəbul etmişlər. Nəticədə isə Apellyasiya Məhkəməsinin istinad etdiyi sübutlara və hüquqi əsaslandırmalara Ali Məhkəmənin Cinayət Kollegiyasının iki fərqli mövqeyi mövcuddur ki, hazırda işə yenidən apellyasiya qaydasında baxılması zamanı hansı mövqenin üstün (rəhbər) tutulması, qərarlardan hansının hüquqi mövqelərinin qəbul edilməsi məsələsi çətinlik yaradır.

Ona görə də Apellyasiya Məhkəməsi hesab edir ki, vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə CPM-in 416, 419-1 və 420-ci maddələrinin hazırkı cinayət işi üzrə Ali Məhkəmə tərəfindən qəbul olunmuş qərarların hüquqi qüvvəsi baxımından rəsmi şərhinə ehtiyac vardır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarında qeyd etmişdir ki, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir.

Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir.

Məhkəmə təcrübəsində mövcud olan bu fərqli mövqelər qeyd edilən məsələlərlə bağlı Qanunvericiliyin şərhini zəruri edir.

Hesab edirik ki, məhkəmə təcrübəsinin vahid mövqeyinin formalaşdırılması məqsədi ilə CPM-in qeyd edilən maddələrinin əlaqəli şəkildə şərh edilməsi ədalət mühakiməsinin maraqlarına uyğun olardı.

CPM-in 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunların təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində göstərilir ki, məhkəmələr Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

Yuxarıda şərh olunanlara Əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən edirəm ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatında olan Xxxxxxx xxxxxxx xxxxxx oğlu barəsindəki cinayət işinə baxılması ilə əlaqədar, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416, 419-1 və 420- ci maddələri hazırkı cinayət işi üzrə qəbul olunmuş qərarların hüquqi qüvvəsi baxımından, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və qüvvədə olan Qanunvericiliyin hüquq tətbiqedənlər tərəfindən eyni qaydada tətbiq edilməsinə nail olmaq, eləcə də hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməsi məqsədi ilə şərh olunsun”.

Related posts

Ədliyyə Nazirliyində islahatlar gedir – Bəs Penitensiar Xidmət niyə uçurumun dibindədir?

Arif Turan

Axərbaycanlı dünya çempionuna HÖKM OXUNDU

Arif Turan

Ata Abdullayevin həbs müddəti uzadılıb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq