27 C
Baku
14 İyun 2021 / 14:12

Anar Bağırov: “Hüquq fakültələrinin tədris proqramında ciddi boşluqlar var”

10 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (Kollegiya) və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) birgə təşkilatçılığı ilə “Yüksək ixtisaslı hüquqşünas kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda elmi konfrans keçirilib.

Legitim.az E-huquq.az-a istinadən xəbər verir ki, elmi konfransda dövlət qurumlarının rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, Milli Məclisin deputatları, hüquqşünas alimlər, nüfuzlu ekspertlər, ictimai-siyasi xadimlər və gənc hüquqşünaslar iştirak ediblər.

Onlayn keçirilən elmi konfransda açılış nitqı ilə çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycan Respublikasının qazandığı nailiyyətlərə diqqət çəkib. Eyni zamanda, Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və 30 il Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin azad edilməsində təzahürünü tapdığını da xüsusi vurğulayıb. Bu Zəfərin cəmi 44 günə başa gəlməsi və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını ölkə Prezidentinin innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib.

Daha sonra, Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkillik institutunun tarixinə ekskurs edərək müqayisəli təhlil aparıb, Azərbaycanda müasir vəkilliyin dünya ölkələrinin vəkillik qurumları ilə müqayisədə əhəmiyyətli müsbət dəyişikliyə məruz qaldığını bildirib, bu dəyişikliyin ölkə rəhbəri tərəfindən müəyyən edilmiş hədəflərə uyğun olaraq həyata keçirildiyini vurğulayıb.

Həmçinin, A.Bağırov hüquq cəmiyyətindəki problemli məsələlərdən və onların həlli yollarından danışıb, hüquq fakültələrinin tədris proqramında ciddi boşluqların olduğunu bildirən sədr natiqlik və hüquqi yazı qabiliyyətinin inkişafı ilə bağlı fənnlərin tədrisinin mühüm və son dərəcə zəruri olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. O cümlədən, əlavə edib ki, son 3 ildə vəkillərin sayı 2 dəfədən çox artsa da, digər ölkələrə nisbətdə bu say çox azdır və bunun da əsas səbəbi hüquq fakültəsi məzunlarının sayının az olmasıdır.

Bundan başqa, A.Bağırov bildirib ki, Kollegiya hüquq tələbələrinin iştirak etdikləri yerli və beynəlxalq müsabiqələrdə onlara hərtərəfli dəstək olur, təcrübə imkanları üçün zəruri şərait yaradır, hazırda da onlar Vəkillər Kollegiyasının aparatında və digər qurumlarında fəaliyyət göstərirlər. Belə ki, həm konfrans iştirakçılarını, həm də digər yerli qurumları hüquqşünas kadrların hazırlanması istiqamətində gənclərə elə tələbəliyin ilk illərindən etibarən dəstək olmağa çağırmışdır. Həmçinin, Vəkillər Kollegiyası bir sıra ali təhsil müəssisələri, o cümlədən, DİA ilə memorandum imzalamışdır və bütün universitetlərlə də əməkdaşlığa hazırdır.

Daha sonra, DİA-nın “Hüquq” kafedrasının müdiri İsaxan Vəliyevin moderatorluğu ilə davam edən elmi konfransda çıxış edən deputat Ziyafət Əsgərov “Müasir dövlət quruculuğu dövründə hüquqşünas kadrlara qoyulan tələblər”, DGK Akademiyasının rəisi Qulu Novruzov “Gömrük xidmətinin səmərəliliyində hüquqi biliklərin rolu”, deputat Qüdrət Həsənquliyev “Yüksək ixtisaslı hüquqşünas kadrlar insan hüquq və azadlıqlarının təminatını şərtləndirən amillərdən biri kimi”, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov “Müasir çağırışlara cavab verən kadr korpusunun formalaşdırılması prokurorluqda aparılan ardıcıl islahatların başlıca hədəflərindən biri kimi” deputat Jalə Əliyeva “Azərbaycanda hüquq təhsili: tarix və müasirlik”, deputat Etibar Əliyev “Hüquq təhsili fənlərarası yanaşma kontekstində”, Prezident yanında Ali Attestasiya Komissiyasının 3 saylı elm sahələri şöbəsinin müdiri Mübariz Məmmədli “Hüquq elmləri sahəsində müasir çağırışlara uyğun yüksəkixtisaslı mütəxəssis hazırlığına yeni yanaşma”, DİN-in Polis Akademiyası rəisinin 1-ci müavini Mahir Əhmədov “Polis Akademiyasında kadr hazırlığının xüsusiyyətləri”, Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən Elçin Xələfov “Azərbaycanda yeni nəsil peşəkar hüquqşünas kadrların hazırlanması məsələləri”, İsaxan Vəliyev “Elmə əsaslanan təhsil yüksək ixtisaslı hüquqşünas kadrların hazırlanmasının əsas şərtlərindən biri kimi”, DTX Akademiyası rəisinin 1-ci müavini Elşad Nəsirov “Azərbaycanda peşakar hüquqşünas kadrların hazırlanması; problemlər və perspektivlər”, Vəkillərin İntizam Komissiyasının sədri və Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov “Vəkillik yüksək ixtisaslı kadrların hazırlanmasında əsas institutlardan biri kimi”, DİA-nın Hüquq kafedrasının dosenti, h.ü.f.d Fəxrəddin Nağıyev “Yüksək ixtisaslı hüquqşünas kadrlarının hazırlanması müasir çağırışlar kontekstində” adlı mövzularda məruzələr dinlənilib.

Şahmar Məmmədov yüksək ixtisaslı kadr hazırlığında Vəkillər Kollegiyasının rolundan geniş danışıb, son illərdə aparılan islahatlar nümunələr gətirib, vəkilliyə qəbul 2 ildən bir deyil, daimi əsaslarla aparılmasından, imtahanın şəffaflığın beynəlxalq qurumların nümayəndələri tərəfindən izlənilməsindən bəhs edib.

Daha sonra, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən yaradılmış və 26.12.2019-cu il tarixdən fəaliyyətə başlamış Hüquqi Yardım və Tədris Mərkəzinin fəaliyyət istiqamətləri barədə geniş danışıb.

Əlavə edibki, Mərkəzdə nəinki vəkillər, hətta vəkil köməkçiləri və hüquq tələbləri üçün də mütəmadi olaraq tədbirlər həyata keçirilir. 2020-ci ilin əvvəlindən etibarən Mərkəzdə çox sayda tələbə dərsdənkənar qaydada təcrübəyə cəlb olunmuşdur. Onlar burada hüquqi yardım istəyən şəxslə birbaşa əlaqədə olur, onlara məsləhət verir, prosessual sənədlərin tərtibində iştirak edirlər. Düşünürük ki, bu, yaxşı təcrübədir. Çünki tələbələr praktiki biliklər əldə edir, hətta vəkillərlə birlikdə məhkəmə proseslərində iştirak edirlər.

Hazırkı dövrdə Ədliyyə Akademiyası ilə əməkdaşlığımız mövcuddur. Vəkil namizədləri Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunurlar. Hal-hazırda da təlimlər davam etməkdədir. Mərkəz pandemiya dövründə distant qaydada təlimlər keçirir. Müxtəlif videoçarxlar, təqdimatlar hazırlanır, təlim iştirakçıları artıq Mərkəzə gəlmədən, evdən qoşulmaqla bu məlumatları əldə edə bilərlər. Daha sonra təlimlər qiymətləndirilir və Rəyasət Heyətinə təqdim edilir.

Sonda Ş.Məmmədov qeyd edib ki, bu gün Mərkəz ali təhsil ocaqları və müvafiq qurumlarla əməkdaşlıq etməyə hazırdır və ümid edilir ki, əməkdaşlıq bundan sonra da davam edəcəkdir.

Related posts

Azərbaycanlı oliqarxın oğlu anasına 100 milyon dollar uduzdu – Məhkəmə qərarı

Arif Turan

ELMAR VƏLİYEV MƏHKƏMƏYƏ SAXTA RƏY TƏQDİM EDİB?

Arif Turan

Evli olmayan şəxslər övladlığa uşaq götürə bilər?

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq